Bu gün ümummilli lider Heydər Əliyevin anım günüdür

12.12.2023
Bu gün ümummilli lider Heydər Əliyevin anım günüdür

Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.

O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsini bitirib.

Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmişdir. 14 iyul 1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. O, 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilmiş və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni sahələrinə rəhbərlik etmişdir və mühüm layihələri həyata keçirmişdir. Lakin Siyasi Büronun və baş katib Mixail Qorbaçovun siyasətinə etiraz olaraq, Heydər Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa vermişdi.

1993-cü ildə müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqının tələbi ilə o zamankı ölkə rəhbərliyi tərəfindən Heydər Əliyev rəsmən Bakıya dəvət edilmişdir. O, 3 oktyabr 1993-cü ildə ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib. Heydər Əliyev 11 oktyabr 1998-ci ildə ikinci dəfə Respublikanın Prezidenti seçilib.

15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

12 dekabr 2003-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və 15 dekabr Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, fəxri adlarına layiq görülüb.