25 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi tərəfindən “İnnovativ inkişaf: Statistikadan iqtisadiyyata” mövzusunda 2-ci respublika elmi-praktiki konfrans keçirilmişdir.
Konfrans iqtisadi tədqiqatlarda, statistik istehsal prosesində və tədris prosesinin təşkilində innovasiyaların tətbiqi, sosial-iqtisadi proseslərin modelləşdirilməsi (ekonometriya), rəqəmsal iqtisadiyyata keçid perspektivləri (transformasiya) mövzularını əhatə etmişdir.
Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov konfrans iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, Komitə rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasına, ölkədə statistika sisteminin təkmilləşdirilməsi və inkişafına, həmçinin statistik məlumatlara olan təlabatın və inamın artırılmasına, respondentlərin informasiya yükünün azaldılmasına nail olmaq üçün rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsində innovasiyaların tətbiqinə xüsusi önəm verir. Statistika sistemində son illər həyata keçirilmiş struktur və institusional islahatlar irihəcmli məlumatlardan (big data) istifadə, rəsmi statistika hesabatlarının elektron formada qəbulu, statistik məlumatların yayım sisteminin təkmilləşdirilməsi, statistik məlumatların istehsal prosesinin standartlaşdırılması, beynəlxalq statistika standartlarının tətbiqi, metaməlumatların hazırlanması, ASİS məlumat bazasının yaradılması, inzibati məlumatlardan istifadə üçün 7 ali icra orqanlarının statistika məlumat bazasına inteqrasiya edilməsi və s. innovativ işlər yerinə yetirilmişdir.
Plenar sessiyada Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Mübariz Nuriyev çıxış edərək konfransın keçirilməsinin ölkə iqtisadiyyatında əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, statistikanın və iqtisadiyyatın rəqəmsal texnologiyaya transformasiyası ölkənin milli təhlükəsizlik səviyyəsini xarakterizə edir və strateji məsələ olaraq qalır. Bu sahənin inkişafı insan kapitalının inkişafı olmaqla təbii kapitala, iqtisadi kapitala qənaət deməkdir. Təbii və iqtisadi kapitala qənaət isə dayanıqlı və davamlı inkişafın əsas prinsipidir.
İqtisadiyyatın və statistikanın rəqəmsal texnologiyalara transformasiyası sosial-iqtisadi və sosial-ekoloji tədqiqatlarada innovasiyaların tətbiqini tələb edir ki, bunun da nəticəsində böyükhəcmli big-dataların yaranması və onlardan səmərəli istifadə olunaraq ölkəmizdə 4-cü sənaye inqlabının həyata keçirilməsinə öz töhfəsini verə bilər. Hesab edirəm ki, bu qəbildən olan konfransların keçirilməsi, yəni innovasiyaların tətbiqi təkcə elmi-tədqiqat işlərinə deyil, həmçinin iqtisadiyyatın bütün sahələrinə şamil edilməlidir və ölkə iqtisadiyyatının gələcək inkişafı üçün yeni perspektivlər yaradacaqdır. Çıxışının sonunda konfransın işinə uğurlar arzulamışdır.
Bölmələr üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşı Bəşər Şirinov Azərbaycan iqtisadiyyatının inkişafında alternativ strategiyalara müasir yanaşmalar, Gəncə Dövlət Universitetinin əməkdaşları Ofelya Müslümova təhsildə innovasiyalar, Alvina Babayeva rəqəmsal texnologiyaların insan inkişafına təsirinin psixoloji xüsusiyyətləri, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Rəhminə Zamanova Şəki–Zaqatala bölgəsində sorqo və soya bitkilərinin qarışıq səpininin iqtisadi səmərəliliyi, ETSİM-in əməkdaşları Şahin Mustafayev Azərbaycanda enerji istehlakının statistik tədqiqi, Saleh Mövlamov seçmə şəbəkəsinin yaradılmasında statistik innovasiyaların tətbiqi, Səadət Rəhimova Azərbaycanda əhalinin sağlam ömür uzunluğu mövzularında məruzə ilə çıxış etmişlər.
Konfransın yekununda ETSİM-in direktoru Mübariz Nuriyev konfrans iştirakçılarına konfransda aktiv iştirakları ilə əlaqədar təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, tədqiqat müəssisiləri ilə yanaşı bu konfransda yerli statistika orqanlarının əməkdaşları da aktiv iştirak edir və statistik innovasiyalar sahəsində konfransda müzakirə olunan məsələləri gələcək fəaliyyətlərində nəzərə ala bilərlər.