9 May - Qələbə günüdür!

09.05.2024
9 May - Qələbə günüdür!

XX əsrdə İkinci Dünya Müharibəsi illəri bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına almışdı.
9 may 1945-ci ildə Ali Reyx rəhbərliyi Almaniyanın qəti şəkildə təslim olması ilə bağlı Aktı imzalamaqla bəşəriyyət tarixində ən qanlı müharibəyə son qoydu.
Hər il Azərbaycanda da 9 May – faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. Çünki Böyük Vətən müharibəsi illərində xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir.
Respublikada çox az müddət ərzində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. Müharibə illərində Azərbaycanın 600 mindən çox igid oğul və qızı cəbhəyə yollanmış, Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir.
Həmvətənlərimizdən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlıqları ilə dünya tarixinin yeni səhifələrinə qızıl hərflərlə yazılmışlar.
Bu unudulmaz gündə biz də bütün müharibə veteranlarını ürəkdən təbrik edir, onlara can sağlığı diləyir və şücaətlərinə görə onlara təşəkkürümüzü bildiririk.
Qələbə bayramınız mübarək!