23 fevral 2021-ci il tarixində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin rəhbərliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun baş elmi işçisi, çoxillik elmi fəaliyyətinin əsas hissəsini Azərbaycanda innovasiyanın inkişafının tədqiqinə həsr etmiş professor Rauf Cəbiyev ilə görüş keçirilmişdir.
Görüşdə Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Mübariz Nuriyev Mərkəz haqqında qısa məlumat verərək bu təşkilatın fəaliyyətinin əsas istiqamətinin müasir metodlardan istifadə etməklə seçmə statistik tədqiqatların aparılmasından ibarət olduğunu və bu sahədə mərkəzin təcrübəli kadr potensialının mövcudluğunu qonağın diqqətinə çatdırdı.
Qonaq öz növbəsində elmi fəaliyyətindən söhbət açaraq innovasiya ilə bağlı çox sayda məqalələrinin xarici mətbuatda nəşr olunduğunu qeyd etdi, innovasiya sahəsində gördüyü işlərdən danışdı. Bu elmi işlərdən biri olan regionların inkişafının müqayisəli təhlili ilə bağlı apardığı tədqiqat haqqında geniş məlumat verdi. Bu tədqiqatın aparılmasında BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNİDO - United Nations İndustrial Development Organization) tərəfindən hazırlanmış metodologiyadan istifadə etdiyini vurğuladı. Tədqiqatda regionların inkişafını əks etdirən göstəricilər əsasında aşağı, orta və yüksək səviyyəli texnologiyaları olan sahələr üzrə qruplaşma aparılmış və tədqiq olunan regionların reytinqini əks etdirən nəticələr əldə edilmişdir. Əldə olunan nəticələr əsasında regionların innovasiya sahəsində əldə etdikləri nailiyyətləri nəzərə alınmaqla reytinq cədvəli qurulur. Aparılan tədqiqatın məqsədi reytinqi aşağı olan regionların yüksək reytinqli regionların təcrübəsindən istifadə etməklə inkişafına yönəlməsidir.
Görüşün sonunda Mərkəzin direktoru Mübariz Nuriyev innovasiya sahəsində verdiyi məlumata görə qonağa öz təşəkkürünü bildirdi və gələcəkdə əməkdaşlığın davam etdirilməsinin faydalı olacağını vurğuladı, Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin nəşri olan “Statistika Xəbərləri” jurnalını qonağa təqdim etdi.