“Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi məqsədilə keyfiyyətli məlumatların hazırlanması istiqamətində hökumətin imkanlarının gücləndirilməsi” layihəsi çərçivəsində seminar keçirilmişdir

27.09.2018
“Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqi məqsədilə keyfiyyətli məlumatların hazırlanması istiqamətində hökumətin imkanlarının gücləndirilməsi” layihəsi çərçivəsində seminar keçirilmişdir

Qeyd edək ki, 26-28 sentyabr 2018-ci il tarixlərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) monitorinqi məqsədilə keyfiyyətli məlumatların hazırlanması istiqamətində hökumətin imkanlarının gücləndirilməsi” layihəsi çərçivəsində 3 gün davam edən seminar başa çatmışdır.  Seminarın mövzusuna uyğun olaraq ölkənin aidiyyəti orqanlarının (Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və s.) nümayəndələri iştirak edirdilər. Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov öz çıxışında “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə müəyyən edilmiş məqsəd və hədəflər üzrə irəliləyişin milli, regional və qlobal səviyyədə monitorinqinin aparılması üçün tələb olunan yüksək keyfiyyətli məlumatların təmin edilməsi baxımından BMT-nin Statistika Komissiyasının 48-ci sessiyasında təsdiq edilmiş qlobal göstəricilər sistemi böyük əhəmiyyətə malik olduğunu qeyd etdi. Bu mənada DİM-ə nail olunmasının monitorinqinin təşkili sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi və tətbiqi baxımından BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə ərsəyə gələn bu seminar vacib əhəmiyyətə malikdir. Seminarda FAO-nun Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmak və İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev də çıxış etdilər. Seminar Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının beynəlxalq ekspertləri Georgi Kvinikadze və  Zaza Çelidzenin  FAO-nun DİM-in regional və milli səviyyədə monitorinqi və həyata keçirilməsində rolu, FAO-nun himayəsi altında olan 21 göstəricinin hər birinin metodologiyası, göstəricilərin işlənib hazırlanmasında lazım olan məlumatlar və onların əldə edilməsində ölkə tərəfindən atılacaq addımlar, eyni zamanda həmin göstəricilərin işlənib hazırlanması prosedurları və bu proseduralar daxilində FAO ilə qarşılıqlı əlaqələrin yaradılması mövzularını əhatə edən təqdimatları ilə davam etmişdir. Üç gün davam edən tədbirdə Mərkəzin 3 əməkdaşı Saleh Mövlamov, Təmraz Təmrazov və Şahin Mustafayev də iştirak etmişdir. Seminarın mövzusuna uyğun olaraq əhalinin ərzaq təhlükəsizliyi, qida itkiləri, kənd təsərrüfatı sahəsində məhsul istehsalı ilə məşğul olan müəssisələrin məhsuldarlığı, kənd təsərrüfatı və ərzaq istehsalı üçün nəzərdə tutulan bitki və heyvan mənşəli genetik ehtiyatları, dayanıqlı inkişaf baxımından kənd təsərrüfatına yararlı torpaqlar, ərzaq bazarında qiymət anomaliyaları, sudan istifadə səmərəliliyinin dəyişməsi, su ehtiyatlarına düşən yükün səviyyəsi, bioloji dayanıqlı həddə olan balıq ehtiyatları, ekoloji cəhətdən rasional balıqçılıq, habelə meşə təsərrüfatının dayanıqlı idarə edilməsi sahəsində monitorinq və qiymətləndirmənin aparılması üçün mövcud göstəricilər üzrə reprezentativ məlumat istehsalı və mübadiləsi istiqamətində aparılan müzakirələrdə mərkəzin əməkdaşları fəal olmuş və seminara öz təklif və tövsiyələrini vermişlər. Seminarın sonunda hər bir iştirakçıya sertifikat təqdim olunmuşdur.