Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə əməkdaşlıq görüşü keçirilib

10.01.2017
Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi ilə əməkdaşlıq görüşü keçirilib

10 yanvar 2017-ci tarixində Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Xəqani Məmmədov ilə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev arasında qarşılıqlı əməkdaşlıq görüşü keçirilib. Görüşdə kənd təsərrüfatının statistikanın təşkilindəki rolu, statistik tədqiqatların aparılması üçün kənd təsərrüfatı siyahıyaalınması məlumat bazasından istifadə edilməsi, kənd təsərrüfatı statistikası registrinin təşkili, registr əsasında seçmə statistik tədqiqatların təşkili, mikro məlumatlar əsasında müasir statistik tədqiqatların aparılmasının gələcək istiqamətləri haqqında müzakirələr aparılıb. Eyni zamanda, elektron kənd təsərrüfatı informasiya sistemi ilə Dövlət Statistika Komitəsində olan informasiya sisteminin integrasiyası, kənd təsərrüfatının iqtisadi hesablarının tərtibi və s. məsələlərin həllində birgə əməkdaşlıqdan danışılıb. Görüş zamanı kənd təsərrüfatı statistikasının təşkilində müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması üçün treninqlərin təşkili və idarəetmənin bütün mərhələlərində mütəxəssislərin hazırlanması, ixtisas artırma məsələlərinə də toxunulmuşdur.
Kənd yerlərinin davamlı inkişaf strategiyasına uyğun Menecment İnformasiya Sisteminin yaradılmasında təsərrüfatbaşına uçot sənədlərinin elektronlaşdırılmasının əhəmiyyəti və davamlı inkişaf strategiyası məqsədlərinin realizasiyasında məlumat bazasının əhəmiyyəti barədə müzakirələr aparılmışdır.