Dövlət Statistika Komitəsinin rəsmiləri BMT-nin I Ümumdünya Məlumat Forumunda

18.01.2017
Dövlət Statistika Komitəsinin rəsmiləri BMT-nin I Ümumdünya Məlumat Forumunda

Birləşmiş Millətlər Təşkilatının (BMT) Statistika Komissiyasının təşkilatçılığı ilə 2017-ci ilin 15-18 yanvar tarixlərində Cənubi Afrika Respublikasının Keyptaun şəhərində Birinci Ümumdünya Məlumat Forumu keçirilir. Forumda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov və Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Xəqani Məmmədov iştirak edirlər.

Milli statistika qurumlarının, beynəlxalq təşkilatların, elmi birliklərin, qeyri-dövlət tədqiqat şirkətlərinin, statistika məlumatlarının istifadəçiləri olan maraqlı tərəflərin 1000-dən çox nümayəndəsinin qatıldığı forumun gündəliyinə dayanıqlı inkişaf naminə statistik məlumatlardan daha geniş istifadə üçün onların hazırlanması və yayılmasında yaranmış yeni imkanlarla bağlı aktual məsələlər daxil edilib. Tədbirdə istifadəçilərin məlumatlılıq səviyyəsinin artırılması, daha yaxşı məlumat istehsalı üçün statistik potensialın gücləndirilməsi, ənənəvi statistika ilə yeni məlumat mənbələri arasında əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilib.

Forumda böyük həcmli məlumatlar (big data), dayanıqlı inkişafa nail olmaq üçün effektiv qərarların verilməsində statistikadan istifadə, məlumat açıqlığı, əlillik, yoxsulluq, miqrasiya və digər Dayanıqlı İnkişaf Məqsədləri göstəriciləri üzrə məlumatların hazırlanmasında yeni texnologiyaların tətbiqinə dair təcrübələr bölüşülüb. Bununla yanaşı, rəsmi statistika və qeyri-dövlət tədqiqat təşkilatlarının təmsilçilərinin iştirakı ilə panel-müzakirələr təşkil edilib, məlumat istehsalı və təhlili üçün tətbiq olunan metodologiya və texnologiyalar, yayım formatları haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb. İştirakçıların rəyinə görə daha keyfiyyətli statistik məlumatların istehsalı üçün rəsmi statistika istehsalçıları ilə qeyri-dövlət tədqiqat şirkətləri arasında əlaqələr gücləndirilməli, fəaliyyətlərin konsolidasiyası məqsədilə təşəbbüslər dəstəklənməlidir.