Ukrayna Dövlət Statistika Xidmətinin Statistika, Uçot və Audit Milli Akademiyası və Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

05.12.2016
Ukrayna Dövlət Statistika Xidmətinin Statistika, Uçot və Audit Milli Akademiyası və Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

1 Dekabr 2016-cı il tarixində Ukraynanın Kiev şəhərində Ukrayna Dövlət Statistika Xidmətinin Statistika, Uçot və Audit Milli Akademiyası və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Memorandumu AR Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Xaqani Məmmədov və Ukrayna Dövlət Statistika Xidmətinin Statistika, Uçot və Audit Milli Akademiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aleksandr Yuravlov imzalayıb. Mərkəzin direktoru Xəqani Məmmodov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aleksandr Yuravlov hər iki tərəf üçün qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanan memorandumun məqsədinin bu sahədə əməkdaşlığı daha da səmərəli etməkdən ibarət olduğunu vurğulayıblar. Memorandumda elmin, xüsusən statistika elminin son dövrdə əldə etdiyi nailiyyətlər barədə hər iki tərəfin mütəxəssislərinin iştirakı ilə treninqlər keçirilməsi, tərəflərin statistika və statistik innovasiyalar sahəsində əldə etdikləri nailiyyətlərlə bağlı təcrübə mübadiləsi aparılması, monoqrafiya, dərslik və s. vəsaitlərin hazırlanmasında həmmüəllif kimi tərəflərin əməkdaşlarının iştirakı məsələlərində razılığa gəliblər. İmzalanan sənəddə eyni zamanda, tərəflərdən birinin təşkil etdiyi statistika və statistik innovasiyalara dair beynəlxalq elmi-praktiki konfranslarda, seminarlarda, simpoziumlarda iştirak etməsi və birgə belə tədbirlər təşkil edilməsi, iqtisadi, demoqrafik və ekoloji vəziyyətlə bağlı birgə statistik tədqiqatların aparılmasına dair müddəalar da yer alıb.

Səfərin ikinci günü akademiyada elmi-praktiki konfrans keçirilmiş və əməkdaşlığa dair bir sıra digər məsələlər müzakirə olunmuşdur.