Dövlət Statistika Komitəsinin nümayəndələri Soçidə keçirilən yoxsulluq statistikasının uyğunlaşdırılmasına dair seminarda iştirak edirlər

02.11.2016
Dövlət Statistika Komitəsinin nümayəndələri Soçidə keçirilən yoxsulluq statistikasının uyğunlaşdırılmasına dair seminarda iştirak edirlər

1 oktyabr - 2 noyabr tarixlərində BMT-nin Avropa İqtisadi Komissiyası, Rusiya Federasiyası Dövlət Statistika Federal Xidməti və MDB Dövlətlərarası Statistika Komitəsinin birgə təşkilatçılığı ilə Rusiya Federasiyasının Soçi şəhərində yüksək səviyyəli seminar keçirilir. Seminarda Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov və Komitənin Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri Yaşar Paşa iştirak edirlər. 

Tədbirdə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədləri üzrə inkişafın qiymətləndirilməsi üçün yoxsulluğun ölçülməsi sahəsində ölkə təcrübələri barədə məlumat verilib. Yoxsulluqla bağlı müəyyən edilmiş yeni statistik göstəricilərə olan tələbatı ödəmək üçün statistika təşkilatlarının üzərinə düşən vəzifələrə, ev təsərrüfatları arasında aparılan statistik sorğuların uyğunlaşdırılması hesabına yekun məlumatların beynəlxalq müqayisəliliyinin təmin olunmasına, habelə yoxsulluğun ölçülməsində tətbiq olunan metodlara, xüsusilə çoxölçülü yoxsulluğa dair məsələlər müzakirə edilib.  

Dövlət Statistika Komitəsinin nümayəndələri yoxsulluğun ölçülməsi sahəsində milli statistika təşkilatlarının roluna dair panel-müzakirədə iştirak ediblər, həmçinin təqdimatla çıxış edərək ölkə təcrübəsini bölüşüblər.