Noyabr ayının 22-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə Bakı Şəhər Statistika İdarəsinin binasında “İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Çıxış edən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin fəaliyyətindən, əldə etdiyi uğurlardan danışaraq bu konfransın ölkənin elmi həyatına öz töhfəsini verəcəyini əminliklə qeyd edib. Daha sonra Yusif Yusifov ölkənin sosial-iqtisadi inkişafından, bu proseslərdə Statistika Komitəsinin rolundan bəhs edərək Mərkəzin bu sahədə dəstəyini vurğulayıb.
Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru Mübariz Nuriyev Mərkəzin fəaliyyətindən, konfransın keçirilməsinin ölkə iqtisadiyyatı üçün əhəmiyyətindən danışıb.
Qeyd olundu ki, Azərbaycanın bugünkü uğurları müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilərək həyata keçirilmiş islahatlarla bağlıdır. Məhz bu islahatların hesabına Azərbaycanda bazar münasibətlərinə söykənən sosialyönümlü iqtisadiyyatın inkişafına nail olunmuş, ölkə əhalisinin həyat səviyyəsi yüksəlmişdir.
Uzun illərdir ki, milli təhlükəsizliyin təmin edilməsində, strateji planların işlənilməsində, fövqəladə hadisələrin idarə olunmasında, ətraf mühitin, təbiətin mühafizəsində, torpaqlar uğrunda mübarizədə, əhalinin məskunlaşmasında, ərazilərin, təhsilin və səhiyyənin vəziyyətinin öyrənilməsində statistik tədqiqatlardan geniş istifadə olunur.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, Azərbaycanda statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması iqtisadi, sosial, demoqrafik və ekoloji tədqiqatlarda innovasiyaların tətbiqini şərtləndirir.
Təcrübə göstərir ki, statistik tədqiqatların təkmilləşdirilməsi, innovasiyaların tətbiqi dedikdə statistikanın müasir metodlarının tətbiqi, yaşayış məntəqələrinin, statistik vahidlərin təsnifləşdirilməsi, ekonometrik təhlil, Coğrafi İnformasiya Sistemlərinin (GİS) yaradılması, məlumatların onlayn rejimində mərkəzləşdirilmiş qaydada toplanması və qeyri-mərkəzləşdirilmiş qaydada işlənməsi (blokçeyn), rəqəmsal iqtisadiyyatın statistikasının yaradılması, inzibati və irihəcmli məlumatlardan (big data) statistikada istifadə və s. başa düşülür.
İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi və rəqəmsal texnologiyalara transformasiyası ölkənin milli təhlükəsizlik səviyyəsini xarakterizə edir və strateji məsələ olaraq qalır.
Sosial-iqtisadi və sosial-ekoloji tədqiqatlarda innovasiyaların tətbiqi iqtisadiyyatın və statistikanın rəqəmsal texnologiyalara transformasiyasını tələb edir.
İnnovasiyaların tətbiqi iqtisadiyyatın rəqabət qabiliyyətini artırır, təbii və iqtisadi kapitaldan qənaəti, səmərəli istifadəni şərtləndirir. Təbii və iqtisadi kapitala qənaət isə dayanıqlı və davamlı inkişafın əsas prinsipidir.
Plenar iclasda Azərbaycan Texniki Universiteti rektorunun dayanıqlı inkişaf, innovasiyalar və layihələr üzrə müşaviri, İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun dissertantı Rasim Səfərov “Yeni inkişaf mərhələsində süni intellektin dayanıqlı iqtisadi artıma nail olunmasında rolu”, Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Aqrar sahənin inkişafının iqtisadiyyata təsiri”, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev “Rəqəmsal iqtisadiyyat sektorlarının innovativ perspektivlərinin qiymətləndirilməsi məsələləri”, Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin aparıcı iqtisadçı, iqtisad üzrə fəlsəfə doktoru Saleh Mövlamov “Statistik tədqiqatlarda siyahıyaalmaların əhəmiyyəti”, Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin baş iqtisadçı, biologiya üzrə fəlsəfə doktoru, dosent Təmraz Təmrazov “Ölkədə əhalinin statistikası üzrə siyahıyaalma və siyahıyaalınma ilə əlaqədar əhali məlumatlarının istifadəsi” mövzularında məruzə ilə çıxışlar ediblər.
Konfransda daha sonra AMEA-nın İqtisadiyyat institutunun aparıcı elmi işçisi, BBEA-nın iqtisad elmləri doktoru, iqtisad üzrə fəlsəfə doktoru dosent Samirə Abasovanın “Azərbaycan iqtisadiyyatında davamlı innovasiyaların tətbiqi üçün texnoloji transferlərin cəlb olunmasının əsas istiqamətləri”, Odlar Yurdu Universiteti, İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının iqtisad üzrə fəlsəfə doktoru Əşrəf Həsənovun “Rəqəmsal iqtisadiyyata keçid və bakalavr təhsili problemləri”, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Roza Şahverdiyevanın “İnnovasiya proseslərinin və strukturlarının informasiya təminatının təkmilləşdirilməsi istiqamətləri”, Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisad üzrə fəlsəfə doktoru, dosent Bayraməli Qurbanovun “Büdcə gəlirlərinin formalaşmasında birbaşa və dolayı vergilərin nisbətinin müəyyən edilməsinə innovativ yanaşma”, Azərbaycan Dövlət İqtisad Universitetinin doktorantı Əbdülrəhim Dadaşovun “İxracatçı fermer təsərrüfatlarının maliyyələşməsində innovativ mexanizmlərin tətbiqi perspektivləri”, AMEA Naxçıvan bölməsinin dissertantı, kiçik elmi işçi Məhəmməd Süleymanovun “Rəqəmsal iqtisadiyyata keçid: rəqəmsal iqtisadiyyatın ənənəvi iqtisadiyyatdan üstün cəhətləri”, Cəbrayıl Rayon Statistika idarəsinin aparıcı məsləhətçisi Məhəmməd Xəlilovun “Azərbaycanda yüngül sənayeyə yönəlmiş investisiyaların bu sektora təsiri”, Azərbaycan Texniki Universiteti, “Sənaye iqtisadiyyatı və menecment” kafedrasının doktorantı Günay Əliyevanın “İnnovasiyaların smart (ağıllı) gələcək modelinə tətbiqi”, Azərbaycan Kooperasiya Universitetinin doktorantı Yusif Ağayevin “İnnovasiya sahəsində beynəlxalq təcrübə və onun ölkədə tətbiqi”, Mingəçevir Dövlət Universitetinin baş müəllimi Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantı Zaur Rəsulovun “Rəqəmsal iqtisadiyyatda mütəxəssislərin karyera problemləri” üzrə məruzələri dinlənilib, müzakirələr aparılıb.
Tədbirdə paytaxt Bakı ilə yanaşı, Azərbaycanın müxtəlif bölgələrini əhatə edən ali təhsil ocaqlarının və elmi müəssisələrin nümayəndələri iştirak edib.