Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzində birgə əməkdaşlıq üçün görüş keçirilmişdir.

24.09.2019
Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzində birgə əməkdaşlıq üçün görüş keçirilmişdir.

2019-cu il sentyabr ayının 23-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin rəhbərliyi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru, i.ü.f.d. Firdovsi Fikrətzadə və Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, a.e.ü.e.d., prof. Əlövsət Quliyevlə görüş keçirilmişdir.
Görüşdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin direktoru, f. ü. e. d. Mübariz Nuriyev Mərkəzin fəaliyyəti haqqında məlumat verərək seçmə statistik tədqiqatların aparılmasında mərkəzin təcrübəli kadr potensialının mövcudluğunu qonaqların diqqətinə çatdırdı. Statistik tədqiqatların aparılması üçün rəqəmsal texnologiyalara transformasiyanın zəruriliyini vurğulayaraq, rəqəmsal texnologiyaların statistikaya tətbiqinin, eyni zamanda statistik tədqiqatlarda inzibati məlumatlardan istifadənin kənd təsərrüfatı statistikası üçün də strateji istiqaməti olduğunu xüsusi qeyd etdi.
Firdovsi Fikrətzadə Aqrar Tədqiqatlar Mərkəzinin kənd təsərrüfatında iqtisadi tədqiqatlar üçün görülmüş işlərdən, xüsusilə də analitik informasiya bazasının yaradılması, inzibati məlumatlar bazasının statistik məsələlərin həllində istifadəsi, elektron kənd təsərrüfatı və kənd təsərrüfatı məsələlərinin həllində informasiya sistemlərindən istifadə, kənd təsərrüfatı üzrə coğrafi informasiya sisteminin yaradılması, seçmə müşahidələrin aparılması haqqında məlumat verdi. Kənd təsərrüfatının statistikası üzrə mövcud problemlər: pay torpaqlarının, həyətyanı torpaq sahələrinin statistikası, torpaq balanslarından ev təsərrüfatlarının mövcud torpaqların istifadəsinə dair statistik tədqiqatların; ev təsərrüfatlarında payızlıq əkinlərin statistikası; ərzaq balanslarında qalıqların hesablanması metodikasının təkmilləşdirilməsindən söhbət açdı.
Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqların ekoloji vəziyyətinin tədqiq edilməsinə böyük ehtiyac olduğunu qeyd etdi. Bu sahədə başqa ölkələrin təcrübəsindən istifadə etsələr də, toplanmış məlumatların elmi statistik metodlarla işlənməsi tədqiqatların keyfiyyətinin yüksəldilməsinə təsir göstərə biləcəyni bildirdi.
Görüşün sonunda hər iki tədqiqat müəssisəsi ilə beynəlxalq standartlara uyğun kompleks tədqiqatların aparılması üçün birgə əməkdaşlığın zəruriliyi qeyd edildi və müvafiq memorandum imzalanması üçün razılıq əldə olundu.