Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub, Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib

07.03.2018
Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub, Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib

Martın 7-də Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov görülən işlər və binada yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binası Azərbaycan Prezidentinin 2012-ci ildə imzaladığı Sərəncamla təsdiq edilən “2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı”na əsasən inşa edilib.

Dövlətimizin başçısına Bakı Şəhər Statistika İdarəsinin rayon şöbələrinin mövcud vəziyyəti ilə bağlı məlumat verildi. Bildirildi ki, yeni inzibati binanın istifadəyə verilməsi Bakı Şəhər Statistika İdarəsinin icarə əsasında müxtəlif ünvanlarda müasir tələblərə cavab verməyən binalarda yerləşən rayon şöbələrinin vahid təşkilati-struktur formasında fəaliyyət göstərməsinə və əməkdaşların iş şəraitinin əsaslı surətdə yaxşılaşdırılmasına xidmət edəcək. Eyni zamanda, bu, son illər statistika sistemində aparılan islahatların sürətləndirilməsinə də imkan yaradacaq.

Prezident İlham Əliyevə son illər rəsmi statistikanın inkişafı sahəsində görülən işlər barədə məlumat verildi.

Bildirildi ki, Komitənin 2002-ci ildə yaradılan internet səhifəsi istifadəçilərin tələbatının maksimum təmin olunması üçün 2017-ci ildə yenilənib və əhəmiyyətli şəkildə təkmilləşdirilib. Hazırda hər gün orta hesabla 3 minə yaxın istifadəçi Komitənin internet səhifəsindən istifadə edir. Onların 93 faizi yerli, 7 faizi isə xarici ölkələrdəndir. İstifadəçilərin statistik məlumatlarla təmin olunması, onların məlumatlara əlçatanlığının daha yüksək səviyyədə təşkili məqsədilə mütəmadi yayımlanan mətbu məlumatlarla, statistik cədvəllərlə, bülleten və məcmuələrlə yanaşı, internet səhifəsində interaktiv cədvəllərin tərtibinə imkan verən məlumat bazası da yaradılıb. Bununla yanaşı, Komitənin internet səhifəsi ilə iqtisadi rayonlar, rayon və şəhərlər üzrə məlumatların elektron xəritə vasitəsilə yayılması da həyata keçirilir. 2015-2016-cı illər üzrə iqtisadiyyatın əsas sahələrini əhatə edən 44 statistik göstəricinin əks olunduğu xəritə istifadəçilərə Azərbaycan və ingilis dillərində təqdim olunub. Komitə tərəfindən 5 adda elektron xidmət göstərilir. Onlardan ən çox istifadə ediləni “Rəsmi statistik hesabatların elektron təqdim olunması” xidmətidir. Bu gün rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron formada qəbulu səviyyəsi ölkə üzrə 95 faizi ötüb, Bakı şəhəri üzrə isə 100 faizə çatdırılıb. Bununla da vətəndaş-məmur təmasları minimuma endirilib. Eyni zamanda, statistik məlumatların işlənilməsi, yoxlanması və təhlili imkanları yüksəlib.

Dövlətimizin başçısına məlumatların keyfiyyətinə nəzarət cədvəllərinin və qiymət statistikası üzrə məlumatların hazırlanması prosesi barədə də məlumat verildi.

Qeyd edildi ki, keyfiyyətə nəzarət cədvəllərinin tətbiqində əsas məqsəd statistik vahidlər tərəfindən təqdim edilən ilkin məlumatlarda baş verən xətaları vaxtında aşkar etmək və onları aradan qaldırmaqdan ibarətdir. Proqram təminatı Dövlət Statistika Komitəsi tərəfindən hazırlanıb. Göstəricilərin müqayisə olunduğu keyfiyyətə nəzarət cədvəlləri statistikanın müxtəlif sahələrinə aid olan vacib 26 rəsmi statistika hesabatı formasını əhatə edir. Statistik məlumatların keyfiyyətinin onlayn yoxlanılması Komitənin rəsmi internet səhifəsi vasitəsilə “E-hesabatlar” və ya “E-xidmətlər” bölməsinə daxil olmaqla həyata keçirilir. Sistemin tətbiqində keyfiyyətə nəzarət cədvəlləri xüsusi əhəmiyyət daşıyır. Bunun məntiqi nəticəsi olaraq, 2017-ci ilin martında bu sahədə dünya liderlərindən olan İsveçrənin “SGS” şirkətinin auditorlar qrupu tərəfindən aparılan auditdən sonra Dövlət Statistika Komitəsinin aparatı və keyfiyyətin idarə edilməsi sisteminin tətbiq edildiyi 13 yerli statistika orqanı rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülüb. Azərbaycanın Milli Statistika Sisteminin BMT-nin, Avropa İqtisadi Komissiyasının, Avrostatın, Avropa Azad Ticarət Assosiasiyasının ekspertləri tərəfindən aparılan auditin nəticələrinə dair hesabatda da keyfiyyətə nəzarət cədvəlləri yüksək qiymətləndirilib. Qiymət statistikası üzrə istehsal prosesi də beynəlxalq standartlar əsasında qəbul edilən metodologiyaya uyğun olaraq həyata keçirilir. İlkin mərhələdə qiymətlərin müşahidəsinin təşkili üçün məhsul növləri müəyyənləşdirilərək istehlak səbəti formalaşdırılır. Hazırda bu iş 520 adda məhsul və xidmət növünü əhatə edən istehlak səbəti üzrə həyata keçirilir. İstehsal prosesinin növbəti mərhələsində müşahidəyə cəlb olunacaq ticarət məntəqələri müəyyənləşdirilir. Müşahidəyə ümumilikdə respublikanın bütün şəhər və rayonları üzrə 4 mindən çox ticarət məntəqəsi cəlb olunub. Sonra qiymətlərin qeydiyyatı mərhələsinə başlanılır. İlkin məlumatlar ölkənin bütün bölgələrini əhatə edir və hər rayon üzrə istehlak qiymətləri indeksi hesablanır. Yekun göstəricilər aylıq ekspress məlumatlar, interaktiv cədvəllər, bülletenlər, illik məcmuələr vasitəsilə yayımlanır. Bütün məlumatlar Komitənin internet səhifəsində yerləşdirilir.

Prezident İlham Əliyev Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli məlumatlandırma portalı ilə də tanış oldu. Portal BMT tərəfindən dayanıqlı inkişaf sahəsində müəyyən edilmiş 17 məqsəd, 169 hədəf və 244 göstərici barədə həm qlobal, həm də milli səviyyədə ətraflı məlumatın geniş auditoriyaya çatdırılması məqsədilə yaradılıb. Dayanıqlı İnkişaf Məqsədləri üzrə vahid milli onlayn məlumat mənbəyi olacaq portal Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək.

Sonra dövlətimizin başçısı binada yaradılan şəraitlə tanış oldu.

Məlumat verildi ki, 166 nəfərin çalışacağı bina altı mərtəbədən ibarətdir. Burada işçilərin rahatlığı üçün hər cür şərait yaradılıb.

Statistik məlumatların dəqiqliyinin və beynəlxalq müqayisəliliyinin təmin edilməsi üçün Azərbaycanın statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi və dünya statistika sisteminə inteqrasiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən və Prezident İlham Əliyev tərəfindən uğurla və yeni müstəvidə davam etdirilən islahatlar ölkəmizdə rəsmi statistikanın da inkişafına güclü təkan verib. Bu gün dünyada baş verən qlobal siyasi, sosial və iqtisadi proseslər fonunda adekvat qərarların qəbul edilməsi, onların icra vəziyyətinin qiymətləndirilməsi üçün statistik informasiya təminatının təşkili, statistika sisteminin üzərinə yeni və daha mürəkkəb vəzifələr qoyur. Ölkədə müəyyən edilən sosial-iqtisadi siyasət kursuna uyğun çevik idarəetmənin həyata keçirilməsi üçün dəqiq və dolğun, beynəlxalq müqayisəliliyi təmin olunan statistik məlumatlara olan tələbat statistika sisteminin beynəlxalq standartlar əsasında daha da təkmilləşdirilməsini zərurətə çevirir.

Bakı Şəhər Statistika İdarəsinin yeni inzibati binasının inşası da bu istiqamətdə atılan mühüm addımlardan biridir. Yeni binanın istifadəyə verilməsi ilə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və əmək resurslarından daha səmərəli istifadə edilməsi yolu ilə Bakı şəhəri üzrə rəsmi statistika hesabatlarının onlayn rejimdə elektron təqdimatı 100 faizə çatdırılacaq. Bu, eyni zamanda, BMT Baş Məclisinin 2015-ci il 25 sentyabr tarixli qətnaməsi ilə qəbul edilən “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin” statistika potensialının gücləndirilməsinə dair 17-ci məqsədində və Azərbaycan Prezidentinin 2016-cı ildə imzaladığı Fərmanla təsdiq edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə statistika infrastrukturunun təkmilləşdirilməsinə dair nəzərdə tutulan işlərin icrasına mühüm töhfədir.