Dövlət Statistika Komitəsində “15 iyun - Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilib

14.06.2017
Dövlət Statistika Komitəsində “15 iyun - Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilib

İyunun 14-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində “15 iyun - Milli Qurtuluş Günü” münasibəti ilə tədbir keçirilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Komitənin foyesində ucaldılan büstü önünə gül dəstələri düzülüb.

Sonra keçirilən tədbir dünya şöhrətli siyasətçi Heydər Əliyevin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Məruzə ilə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın tarixində “Milli Qurtuluş Günü” kimi həkk olunub. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn dahi lider Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, məhv olma təhlükəsindən və vətəndaş müharibəsindən xilas edib. Qısa zamanda ulu öndər ölkədə siyasi sabitliyin yaradılmasına, Ermənistan tərəfindən aparılan elan olunmamış qanlı müharibənin dayandırılmasına və atəşkəsə nail olub. Tahir Budaqov Azərbaycanın müqəddəratının həll edildiyi ən ağır günlərdə üzləşdiyi çətinliklərdən xilas olmasının, vətəndaş qarşıdurmasının aradan qaldırılmasının, ictimai-siyasi sabitliyin və inkişafın təmin olunmasının, dünya birliyində layiqli yer tutmasının məhz Ümummilli Liderin yenilməz iradəsi, öz xalqı qarşısında misilsiz fədakarlığı sayəsində mümkün olduğunu xatırladıb. Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi və siyasi uzaqgörənliyi nəticəsində müstəqilliyimizin və dövlətçiliyimizin əsası qoyulub, Azərbaycan güclü bir dövlətə çevrilib. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılıb. Bu dövr ərzində ümummilli lider Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxarıb. Bu illər ərzində ictimai-siyasi sabitlik təmin olunub, iqtisadi inkişafa geniş meydan açılıb, ölkəyə xarici sərmayələr cəlb edilib, dövlət idarəçiliyi mexanizmi yenidən yaradılıb, nizami ordu qurulub, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilib, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilib. Həmçinin, dövlətimiz dünya birliyində layiqli yerini tutub, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanıb.

Tədbirdə xüsusi vurğulanıb ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi-ideoloji kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Azərbaycanın inkişaf strategiyasını uğurla həyata keçirməklə, müstəqilliyimizi möhkəmləndirməklə, dövlətçiliyimizi qüdrətləndirməklə Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın və ilhamlı sabahlara aparır.

Tədbirdə Ticarət Statistikası şöbəsinin müdiri Aidə İbrahimova və digərlərinin çıxışı da dinlənilib. 24 il əvvəl ölkədə baş verən hadisələr bir daha xatırlanıb, müdrik siyasi və dövlət xadimi Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışılıb.

Qeyd olunub ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.

Tədbir Azərbaycan Televiziyasının hazırladığı Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Vətənə, xalqa həsr edilən ömür” filminin nümayişi ilə başa çatıb.