Bakıda MDB dövlətlərinin Statistika Xidmətləri Rəhbərləri Şurasının 57-ci iclası keçirilib

31.05.2017
Bakıda MDB dövlətlərinin Statistika Xidmətləri Rəhbərləri Şurasının 57-ci iclası keçirilib

Mayın 31-də Bakı şəhərində Azərbaycanın sədrliyi ilə MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının növbəti, 57-ci iclası keçirilib.

İclasda MDB Dövlətlərarası Statistika Komitəsinin sədri Vladimir Sokolin, Qazaxıstan Statistika Komitəsinin sədri Nurbolat Aydapkelov, Moldova Milli Statistika Bürosunun Baş direktoru Vitali Valkov, Rusiya Dövlət Statistika Federal Xidmətinin rəhbəri Aleksandr Surinov, Belarus Milli Statistika Komitəsi sədrinin müavini Janna Vasilevskaya, Qırğız Milli Statistika Komitəsi sədrinin müavini Baisbek Qasımbekov, Tacikistan Statistika Agentliyi direktorunun müavini Qiyomiddin Davlatzoda iştirak ediblər.

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının sədri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov iclas iştirakçılarını salamlayıb, Şuranın gündəliyi baradə məlumat verib.

Şuranın 57-ci iclasında MDB dövlətlərində əhalinin siyahıyaalınmasının 2020-ci il raunduna hazırlığın gedişatı, Birliyin statistika xidmətlərinin BMT sisteminin ixtisaslaşdırılmış qurumları ilə qarşılıqlı əlaqələri, MDB-də rəsmi statistika sahəsində əməkdaşlıq məsələləri üzrə sənədlərin inventarizasiyası haqqında məsələlər nəzərdən keçirilib.

Şurada MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının və MDB Dövlətlərarası Statistika Komitəsinin 2016-cı ildəki işi haqqında hesabatı, MDB Dövlətlərarası Statistika Komitəsinin 2018-ci il üçün işlər Proqramına baxılıb və təsdiq edilib.