Beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi Dövlət Statistika Komitəsinin fəaliyyətinin prioritet istiqamətlərindəndir

19.05.2017
Beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi Dövlət Statistika Komitəsinin fəaliyyətinin prioritet istiqamətlərindəndir

15-19 may tarixlərində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun rəhbərlik etdiyi nümayəndə heyəti “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsi çərçivəsində Almaniya Federativ Respublikasında səfərdə olub. Səfərdə layihənin komponentləri üzrə həyata keçiriləcək fəaliyyətlər müzakirə edilib, statistikada keyfiyyətin idarə edilməsi sisteminin və Statistik Biznes-Prosesin Ümumi Modelinin tətbiqi, statistik proseslər üzrə işçi heyəti tərəfindən sərf edilən vaxtın ölçülməsi sahəsində Almaniyanın təcrübəsi öyrənilib. 

Almaniya Federal Statistika İdarəsində və Berlin Statistika Şöbəsində təşkil edilmiş görüşlərdə Avropa Statistika Sisteminə əsasən Almaniyada tətbiq edilən keyfiyyət modelləri və onların meyarları, auditlərin aparılmasına dair təlimatlar müzakirə edilib, statistik məqsədlər üçün istifadə edilən inzibati məlumatların keyfiyyəti, müəssisələrin üzərinə düşən informasiya yükü, təsnifatlar və statistik məlumatlara yenidən baxılması və aşkar edilmiş xətalarla bağlı atılan addımlardan danışılıb. Mikrosiyahıyaalmalar, ilkin məlumatların qorunmasında tətbiq edilən metodlar kimi qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb, statistik istehsal prosesində tətbiq edilən standart modellərin məlumatların keyfiyyətinin yüksəldilməsinə, onların istehsalına çəkilən xərclərə təsirindən geniş bəhs olunub. 

Tədbirdə həmçinin Azərbaycanda keyfiyyətin idarə edilməsi sisteminin tətbiqinə dair geniş təqdimat olub. Bildirilib ki, son illər Dövlət Statistika Komitəsində bu sahədə həyata keçirilmiş fəaliyyətlər beynəlxalq aləmdə qəbul edilmiş ən yeni standartlara uyğundur və İsveçrənin “SGS” şirkəti tərəfindən aparılmış auditin nəticələrinə görə Komitə və 13 yerli statistika orqanı 2017-ci ilin aprel ayında “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminə dair beynəlxalq uyğunluq sertifikatına layiq görülüb.